Bu ilin ilk yarısında
Azərbaycanda real ÜDM-nin həcmi (2005-ci ilin qiymətləri ilə) 12,212 mlrd.
manat təşkil edib ki, bu da illik müqayisədə 2,3% çoxdur.
"APA-Economics"in
Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına
görə, təkcə cari ilin II rübündə real ÜDM-nin həcmi 6,672 mlrd. manat təşkil
edib ki, bu da I rüblə müqayisədə 20,4%, ötən ilin analoji rübü ilə müqayisədə
isə 5,5% çoxdur.
Qeyd edək ki, 2021-ci ilin ilk
yarısında real ÜDM istehsalının əsasən mədənçıxarma sənayesi və karxanaların
işlənməsinin payına düşüb (36,6%). Nəqliyyat, anbar təsərrüfatı və rabitə
sektorunun real ÜDM istehsalında payı isə 15,8%-ə bərabər olub.
Xatırladaq ki, 2020-ci ildə
Azərbaycanda real ÜDM-nin həcmi 28,62 mlrd. manata təşkil edib, bu, 2019-cu
illə müqayisədə 4,3% azdır.
Azərbaycan İqtisadiyyat
Nazirliyinin son proqnozuna görə, neftin bir barelinin ortaillik qiyməti
2021-2022-ci illər üzrə 55 ABŞ dolları olduğu halda, cari ildə ölkədə ÜDM-nin
real artım tempi 4,6%, 2022-ci ildə 4% təşkil edəcək.
Real ÜDM-nin nominal ÜDM-dən
fərqi ondan ibarətdir ki, real ÜDM-də istehsal olunan məhsulların qiymət
artımları nəzərə alınmır və bu göstərici sırf real istehsal ilə təyin olunur.
Bunun nəticəsi kimi, nominal ÜDM iqtisadiyyatın qiymət və gəlir indeksindəki
dəyişikliklərdən asılıdır və məhsul və xidmətlərin qiymətlərinin artması
səbəbindən inflyasiya ilə birlikdə artır, deflyasiya halında isə azalır.
Beləliklə, nominal ÜDM-dən fərqli olaraq, real ÜDM qiymət səviyyəsindəki
dəyişiklikləri hesablayır və iqtisadi artım ilə bağlı situasiyanı daha dəqiq
şəkildə əks etdirir.