Beynəlxalq Valyuta
Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva bildirib ki, ABŞ-ın "WilmerHale"
hüquq şirkəti onun Dünya Bankının baş direktoru vəzifəsində işləyən zaman
fəaliyyətini "Doing Business 2018" üzrə dərc etdiyi audit hesabatında
səhv xarakterizə edib.
"APA-Economics"in "Reuters"ə
istinadən verdiyi məlumata görə, BVF-nin direktoru əlavə edib ki, şirkət onun
araşdırmada iştirakının məxfi olacağına inandırsa da, bu şərtə əməl olunmayıb.
K. Georgiyeva qeyd edib ki, onun bəzi sözləri kontekstdən çıxardılıb və
auditorların ona qeyd olunan ifadələrin düzgünlüyünü yoxlamaq imkanı
vermədiyini vurğulayıb. Georgiyeva eyni zamanda, Dünya Bankının digər
yüksəkvəzifəli işçilərinin məlumatları Çinin xeyrinə dəyişdirmələri üçün
"Doing Business 2018"in araşdırmaçılarına təzyiq göstərdikləri barədə
auditorların rəyini rədd edib.
Qeyd edək ki, Dünya
Bankı hər il tərtib etdiyi "Doing Business" hesabatının dərc
edilməsini dayandırıb. Belə ki, Dünya Bankının araşdırmaları
("WilmerHale" hüquq şirkəti tərəfindən aparılıb – red.) zamanı məlum
olub ki, 2018-ci ildə "Doing Business" reytinqində Çinin, 2020-ci
ildə Səudiyyə Ərəbistanının mövqeyini qəsdən və səhv bir şəkildə
yaxşılaşdırılıb, Azərbaycan üzrə göstəriciləri isə pisləşdirilib və nəticədə
bu, ölkənin ötənilki reytinqinə mənfi təsir edib.
Əlavə edək ki,
reytinqdəki dəyişikliklər Dünya Bankının keçmiş rəhbəri Cim Yong Kim, BVF-nin
rəhbəri Kristalina Georgiyeva və reytinq yaradıcılarından biri Simon Dyankovun
təzyiqi ilə edildiyi bildirilir. Hazırda bu şəxslərin heç birinə qarşı
korrupsiya ittihamı irəli sürülməsə də, araşdırmalar davam etdirilir.