"Silk Way Group"
şirkətlər qrupunun üzvü olan və çarter reysləri şəbəkəsi ilə qlobal miqyasda
xidmət göstərən aparıcı hava yolu yükdaşımaları şirkəti "Silk Way
Airlines" 20 illik yubileyini qeyd edir.
"Silk Way Airlines"
yarandığı gündən etibarən Azərbaycanın iqtisadi müstəqilliyinə və regional
liderliyinə öz töhfəsini verdi. Bu əzm hava yolu yükdaşımaları şirkətini məhz
öz məqsədlərinə dərindən bağlayan sevdadan qaynaqlanırdı.
Bu illər ərzində "Silk Way
Airlines" şirkətinin marşrut şəbəkəsi dünyanın 130-dan artıq ölkəsini
əhatə etdi, aviadaşıyıcının təyyarələri isə 70 milyon dəniz mili məsafə qət
edərək 600 min tondan çox yük daşıdı.
2001-ci ildə qurulmuş şirkətin
işçi heyəti hazırda beynəlxalq səviyyədə tanınmış kvalifikasiyaya malik 440-dan
artıq yüksək səviyyəli təcrübəsi olan peşəkardan ibarətdir. Hava yolu
yükdaşımaları şirkəti ilk öncə sərnişin aviasiyasının uçuş dəstəsi əsasında
yaradıldı. Şirkət təsis edilməmişdən əvvəl üç ekipaj 1996-cı ildə Ukraynanın
Uzin aerodromunda simulyator təlimini müvəffəqiyyətlə bitirərək Kiyev
yaxınlığındakı Julyanı texniki təlim mərkəzində xüsusi hazırlıq keçdi. Onlar,
sonradan "Silk Way Airlines" şirkətinin ilk uçuş heyətini formalaşdırdılar.
"Silk Way Airlines"
şirkətinin donanması hazırda beş "İlyuşin İL-76" təyyarəsindən
ibarətdir. Bir çox hallarda, ekipaj yol şəbəkəsindən tamamilə ayrılmış,
qeyri-münasib və ya infrastruktursuz, eləcə də yerüstü dəstəyi və ya yükləmə-boşaltma
əməliyyatları üçün avadanlıqları olmayan bölgələrə xüsusi və kritik yüklərin
çatdırılmasını təmin edib. Yük bölməsi avadanlığı sayəsində "İlyuşin"
yük təyyarələri həcmli, dəyərli və ya təhlükəli yüklərin, habelə neft-qaz
avadanlıqlarının, özüyeriyən qurğuların və böyük ölçüdə yüklərin daşınması üçün
optimal həldir.
"Silk Way Airlines"
şirkəti ilk beynəlxalq uçuşunu 2001-ci ilin oktyabr ayında Bakı-Lö Burje-Baqram
marşrutu istiqamətində IL-76 4K-AZ19 təyyarəsi ilə həyata keçirdi. Bu,
Əfqanıstanda "Sarsılmaz azadlıq" əməliyyatının başlamasından sonra bu
ölkəyə yerinə yetirilən ilk mülki uçuş idi.
Bu gün "Silk Way
Airlines" müntəzəm uçuşların həyata keçirilməsi mümkün olmayan ərazilərə
yüklərin çatdırılması üzrə sərfəli təkliflər təqdim edir.
"Son 20 ildə qazandığımız
ən böyük nailiyyət əldə etdiyimiz geniş təcrübə və bu müddət ərzində bir sıra
çətinliklərin öhdəsindən uğurla gəlməyimizdir. Bunun sayəsində "Silk Way
Airlines" bu gün yalnız Xəzər bölgəsində deyil, həm də uzaq bölgələrdə
xidmət göstərməkdədir. Şübhəsiz ki, bu 20 illik uğur hekayəsinin arxasında
daima güclü peşəkarlardan ibarət bir komanda vardı", - deyə "Silk Way
Airlines" şirkətinin direktoru Rəhim İslamov qeyd edir.
Xatırladaq ki, 2006-cı ilin iyul
ayında təsis edilən "Silk Way Group" Azərbaycan iqtisadiyyatında
lider mövqe tutan və dinamik inkişaf edən şirkətlər qrupudur. 2019-cu ildəki
restrukturizasiyadan sonra qrup hava yolu yükdaşımaları və təyyarələrə texniki
xidmət göstərən "Silk Way Airlines", "Silk Way West
Airlines" və "Silk Way Technics" şirkətlərindən ibarətdir.