İqtisadiyyat naziri
Mikayıl Cabbarov 7-ci Dünya İnvestisiya Forumu çərçivəsində onlayn formatda
“Davamlı İnvestisiyalar üzrə dəyirmi masa” panel sessiyasında çıxış edib.
Nazir forumun
investisiya mühitinin yaxşılaşdırılması istiqamətində atılacaq addımlara töhfə
verəcəyinə əminliyini ifadə edib, ölkəmizin investisiya siyasətinin
prioritetləri barədə məlumat verib. Vurğulanıb ki, Vətən müharibəsində
qazanılan böyük Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərimizin bərpası
inkişaf üçün yeni çağırışlar və reallıqlar yaradıb, ölkə iqtisadiyyatının
investisiya cəlbediciliyi daha da artıb. Tədbirdə COVİD-19 pandemiyasının milli
iqtisadiyyata göstərdiyi təsirlər, Azərbaycan hökumətinin müvafiq dəstəkləyici
tədbirləri barədə məlumat verilib, 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi
inkişaf prioritetləri qeyd olunub. İqtisadiyyat naziri Azərbaycanda biznes və
investisiya mühitinin davamlı olaraq yaxşılaşdığını, qanunvericiliyin, biznes
qeydiyyatı, vergi və gömrük sistemlərinin təkmilləşdirildiyini, inzibati
prosedurların sadələşdirildiyini, korporativ idarəetmənin, dövlət-özəl
tərəfdaşlığının, e-hökumətin əhatə dairəsinin genişləndirildiyini diqqətə
çatdırıb. Qeyd edilib ki, ölkə iqtisadiyyatının postpandemiya dövründə
hərtərəfli bərpasına dəstək üçün yerli və xarici investisiyaların cəlbi,
qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi xüsusi önəm kəsb edir.
Bu baxımdan, sənaye zonaları, Ələt Azad İqtisadi Zonası investisiya
fəaliyyətinin canlanmasında əlverişli mexanizmlərdir.
İqtisadiyyat naziri
bildirib ki, 2021-ci ilin 1 aprel tarixindən fəaliyyətə başlamış Dünya İqtisadi
Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afilə edilmiş
Azərbaycan Mərkəzi ölkəmizdə rəqəmsal ekosistemin inkişafına, Dördüncü Sənaye
İnqilabı texnologiyalarının sürətli mənimsənilməsinə və tətbiqinə təkan
verməklə, “yaşıl iqtisadiyyat”ın inkişafında, investisiyaların cəlb edilməsində
əhəmiyyətli platformadır.
Forumda Türkiyə, Rusiya,
Çin, Almaniya, Böyük Britaniya, Koreya, Meksika, Tayland, Misir və digər
ölkələrin iqtisadiyyat, sənaye, ticarət və investisiya nazirlərinin yaxın
illərdə milli və beynəlxalq investisiya siyasətinin formalaşmasında
prioritetlər və davamlı bərpa məqsədilə əsas sektorlara investisiya
qoyuluşlarının sürətləndirilməsi barədə çıxışları dinlənilib, müzakirələr
aparılıb.
Qeyd: Dünya İnvestisiya Forumu investisiya siyasətinin hazırlanmasına
dəstək göstərmək, biznes və siyasət sahəsində dünya liderləri ilə qarşılıqlı
əlaqə üçün imkan yaradan qlobal platformadır. Hər 2 ildə 1 dəfə keçirilən Dünya
İnvestisiya Forumunda 160-a yaxın ölkədən 5000-dən çox investor iştirak edir.