İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən 2022-ci ilin yanvar-may ayları ərzində 139.414 daşınmaz əmlak
üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə
müqayisədə 17% çoxdur.
İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə
verilən məlumata görə, 5 aylıq göstəricinin 36.158-i (25,9%-i) ilkin,
103.256-sı (74,1%-i) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən
ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-may ayları ərzində ilkin qeydiyyat
29,1% artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 18.893-ü
fərdi yaşayış və bağ evi, 33.719-u mənzil, 82.185-i torpaq sahəsi, 1.427-si
qeyri-yaşayış binası, 2.851-i qeyri-yaşayış sahəsi, 321-i əmlak kompleksi,
17-si çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. Qeyd edək ki,
cari ilin yanvar-may ayları ərzində dövlət qeydiyyatına alınan daşınmaz
əmlakların 35.802-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.
Ölkə başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı
bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanına
uyğun olaraq mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət
vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək
olmasına imkan verib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin
ilk 5 ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 3,3 dəfə artaraq 20.981
olub.
Fərdi yaşayış və bağ evinin ilkin qeydiyyatında da artım
müşahidə edilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan
fərdi yaşayış və bağ evlərinin sayı 2022-ci ilin yanvar-may ayları ərzində 1,9%
artaraq 6.288 olub.
2022-ci ilin yanvar-may ayları ərzində 108.041 daşınmaz əmlakın
texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə
ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artım deməkdir. 2022-ci ilin ilk 5
ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü
ilə müqayisədə 51% artaraq 27.850 olub.
c